Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatını açıqlayıb.
NUHÇIXAN AMB-yə istinadla xəbər verir ki, hesabatın əsas məqsədi maliyyə sektorunun iqlim
dəyişiklikləri və digər ekoloji, sosial və idarəetmə (ESİ) amilləri ilə bağlı risk və imkanlara uyğunlaşma səviyyəsinin artırılması istiqamətində görülən işləri ümumiləşdirmək və bu sahədə şəffaflığın təmin edilməsinə töhfə verməkdir.
Hesabat hazırlanarkən dayanıqlı maliyyə sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr nəzərə alınıb. Sənəd maliyyə bazarları iştirakçıları, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və digər maraqlı tərəflər üçün dayanıqlı maliyyə siyasətləri və təşəbbüsləri üzrə etibarlı məlumat mənbəyi kimi nəzərdə tutulur.
Hesabatın strukturu dörd əsas bölmədən ibarətdir. Birinci bölmədə qlobal və milli səviyyədə iqlim dəyişikliklərinin əsas trendləri, bu proseslərin iqtisadiyyat və maliyyə sistemi üçün yaratdığı risklər, habelə Azərbaycan Respublikasının iqlim və dayanıqlı inkişaf gündəliyi təqdim edilir. İkinci bölmədə Mərkəzi Bank tərəfindən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası çərçivəsində həyata keçirilmiş təşəbbüslər və institusional tədbirlər əhatə olunur. Üçüncü bölmə Mərkəzi Bankın korporativ dayanıqlılıq fəaliyyəti və beynəlxalq əməkdaşlıq təşəbbüslərini təqdim edir. Sonuncu bölmədə isə növbəti dövr üzrə prioritet istiqamətlər və planlaşdırılan tədbirlər təqdim edilir.
Bu hesabat maliyyə sektorunda dayanıqlı maliyyə mexanizmlərinin inkişafına, iqlim və digər ESİ risklərinin maliyyə qərarlarına inteqrasiyasına və ölkədə dayanıqlı iqtisadi transformasiyanın dəstəklənməsinə yönəlmiş fəaliyyətlərin sistemli şəkildə təqdim edilməsinə xidmət edir.
