Türkiyədə Naxçıvanın investisiya və ixrac imkanları tanıdılıb - FOTOLAR
Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, səfər proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev əvvəlcə İğdır valisi Mustafa Fırat Taşolar ilə görüş keçirib. Görüş zamanı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra Azərbaycan nümayəndə heyətinin, İğdır valisi Mustafa Fırat Taşolar, İğdır Ticarət və Sənaye Palatası sədri Kamil Arslan, İğdır Ticarət Birjası sədri Serhat Kumtepe, İğdır Universitetinin rektoru Ekrem Gürel və türk iş adamlarının iştirakı ilə “Azərbaycan İnvestisiya İmkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının investisiya və ixrac imkanları, həmçinin muxtar respublikaya tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri barədə çıxış ediblər. Çıxışlarda Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.
Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib. Eyni zamanda tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti Qars şəhərində də bir sıra görüşlər keçirib. Qars valisi Ziya Polat və Qars Bələdiyyə Sədri Ötüken Senger ilə keçirilən görüşlərdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Daha sonra Qars Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Kadir Bozan və Qarsda fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Görüş zamanı Naxçıvanda sahibkarlara təqdim olunan vergi, gömrük və sosial sığorta güzəştləri, Naxçıvanın ixrac imkanları və birgə əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Qeyd edək ki, səfər proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Türkiyədə növbəti görüş və tədbirləri İstanbul və İzmir şəhərlərində davam etdiriləcək.