2026-cı ilin yanvar-aprel aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-aprel aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2026-cı ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,2 faiz artıb.
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru və kartofun qiymətləri bahalaşmış, yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğanın qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin aprel ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə əsasən sement, kəsilmiş taxta, mebel və yuyucu vasitələrin qiymətləri bahalaşmış, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
2026-cı ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,8 faiz təşkil edib. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən stomatoloji xidmətlər, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
