İstanbul və İzmirdə Naxçıvanın investisiya və ixrac imkanları təqdim olunub - FOTOLAR
Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti mayın 14–15-də İstanbul və İzmir şəhərlərində görüşlərini davam etdirib.
NUHÇIXAN xəbər verir ki, səfər Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə baş tutub.
Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev yer alıb.
Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti İstanbul valisi Davut Gül və İzmir valisinin müavini Nusret Şahin ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvan və Ege Bölgəsi Sənaye Palatası İdarə Heyətinin sədri Ender Yorgancı ilə görüşlər keçirilib.
İstanbul Sənaye Palatasında və Ege Bölgəsi Sənaye Palatasında “Azərbaycan İnvestisiya İmkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirlər təşkil olunub.
Sözügedən tədbirlərdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı, Naxçıvanın strateji mövqeyi, investisiya və ixrac potensialı, investorlar üçün yaradılan güzəştlər və yeni imkanlar barədə məlumat veriblər.
Həmçinin Zəngəzur dəhlizi və yeni logistika imkanlarının iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi qeyd edilib.
Həmçinin tədbirlər çərçivəsində “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri”, eləcə də “Naxçıvan bölgəsinin strateji üstünlükləri”, “Naxçıvanda tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri” barədə təqdimatlar keçirilib.
Türk iş adamları ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.