Bu gün dünyada baş verən iqlim dəyişmələri, təbii fəlakətlər və hərbi münaqişələr məskunlaşmada böyük problemlər yaradır. Bu problemlərin həllində vətəndaş cəmiyyətinin rolu danılmazdır. Hazırda dünyada 2,8 milyard insan məskunlaşma problemindən əziyyət çəkir ki, bu da insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regional direktoru Riana Hedeya BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Kütləvi və Vətəndaş Cəmiyyəti Təşkilatları Assambleyası: Şəhərlərin səsi” açılış sessiyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, qeyri hökumət təşkilatları (QHT) məskunlaşma problemlərinin həll olunmasında əhəmiyyətli işlər görür.
“Onlar insan hüquqlarının bərpasında iştirak edir, problemləri ortaya çıxararaq həllinə nail olmağa çalışırlar. Məskunlaşma problemləri böyük həcmdə sərmayə tələb edir və bu sərmayənin təmin olunması üçün vətəndaş cəmiyyətinin iştirakçıları ilə hökumətlər əlaqəli fəaliyyət göstərməlidirlər. BMT-nin Məskunlaşma Proqramının strateji məqsədi yalnız şəhərlərdə deyil, əyalətlərdə də meydana çıxan məskunlaşma məsələlərini həll etməyə çalışır və bunun üçün müxtəlif layihələrin həyata keçirilməsinə nail olur. Biz bu tədbirin sonunda qəbul ediləcək qərarlara əsasən fəaliyyətimizi davam etdirməli və WUF13-dən çıxan nəticələrin reallaşmasını təmin etməliyik. Strateji planların həyata keçirilməsi üçün hamılıqla çalışmalıyıq”, - deyə BMT nümayəndəsi sözlərinə əlavə edib.
