UN-Habitat-ın icraçı direktoru: Yaşayış məskənlərinin həm insanlar, həm də təbiət üçün əlverişli olmasını arzulayırıq
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) müzakirələri şəhərlərin transformasiyasına həsr olunub. Biz şəhər sakinlərinə daha böyük hörmətlə yanaşmağı bacarmalıyıq. İnsanların bütün ehtiyacları yalnız bazar mexanizmləri çərçivəsində deyil, onların hüquqlarının qorunması və zəruri xidmətlərlə təmin olunması baxımından da qarşılanmalıdır. Məhz buna görə bu dəyişikliklərə ehtiyac var.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax "Urban Expo" sərgisində Meksika pavilyonunun açılış mərasimində deyib.
Eyni zamanda, Meksika tərəfindən irəli sürülən feminist urbanizm yanaşması olduqca vacibdir və biz bunu BMT olaraq dəstəkləyirik. Bildiyiniz kimi, BMT ölkələrdə öz mandatını həyata keçirərkən həmin təşəbbüslərin təşkilatın strateji məqsədləri ilə uyğunluğunu əsas götürür. Bu baxımdan, təqdim olunan yanaşma strateji planın həyata keçirilməsinə dəstək verən mühüm bir təşəbbüs kimi qiymətləndirilir. Həmçinin BMT mədəniyyətlərin və tarixlərin qovuşduğu bir platformadır. Buna görə də biz koalisiyaları və qarşılıqlı anlaşmanı qorumağa və gücləndirməyə davam etməliyik. Dünyanın cənubunda, şimalında və bütün bölgələrində yaşayan xalqlar arasında həmrəyliyi və əməkdaşlığı qoruyub saxlamaq vacibdir. Dünya böyük bir pazl kimidir və hər bir xalq öz töhfəsini verərək bu bütövlüyün qorunmasına xidmət etməlidir. Biz yaşayış məskənlərinin həm insanlar, həm də təbiət üçün əlverişli olmasını arzulayırıq. Bugünkü guşədə yaradılmış Meksika ab-havasına görə sizə xüsusi təşəkkür edirik. BMT nümayəndəsi olaraq burada Meksikanın ruhunu hiss etmək bizim üçün çox dəyərlidir. 2028-ci ildə dünyanın ən gözəl şəhərlərindən biri olan Mexikoda keçiriləcək WUF14 tədbirində iştirak etməyi arzulayırıq. Biz artıq səbirsizliklə həmin görüşü gözləyirik və böyük məmnuniyyət hissi keçiririk ki, Bakı şəhərindən sonra Mexikoda görüşəcəyik", - deyə o diqqətə çatdırıb.
