Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir? Həlləri həqiqətən dünyanı özündə birləşdirə biləcək sistemlərə necə çevirə bilərik?” adlı dialoq sessiyası keçirilib.
NUHÇIXAN xəbər verir ki, qlobal media brendi “Monocle”nin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə keçirilən sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli istiqamətində konkret müzakirələrin vacibliyini bildirib.
Mənzilə əlçatanlıqla bağlı problemin hazırda dünyada üç insandan birini əhatə etdiyini bildirən Anaklaudia Rossbax əlavə edib: “Yəni bu, qlobal böhrandır, sistemli çatışmazlıqdır. Mənzil təminatı şəhərlər üçün çox önəmlidir. Şəhərlər yaxşı yerləşdirilmiş xidmətlər təmin etməli, daha məhsuldar, rəqabətli və inklüziv olmalıdır. Ailələr gəlirlərinin üçdəbirini məhz mənzil üçün xərcləyir. Bu parametr təbii ki, bütün coğrafiyalar üçün eyni deyil. Hazırda iki milyard insan şəhərlərdə yaşayır”.
O qeyd edib ki, dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var. Eyni zamanda, kanalizasiya problemi yaşayan insanların da sayı həddindən artıq çoxdur.
“2050-ci ilədək dünya əhalisinin artacağını bilirik. İki milyard insan şəhərlərə gəlir və şəhərlər ətrafında yerləşir. Bunu əsasən Asiya və Afrikada görürük. İnkişafın və artımın yarısı məhz şəhərlərdə baş verir. Bu, yumşaq keçid deyil, əslində şəhərsalma və urbanizasiyanın ən sürətli prosesidir”, - deyə icraçı direktor bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva mənzil təminatında inteqrasiya olunmuş şəhərsalma planlaşdırmasının vacibliyini qeyd edib. O, mənzil məsələsinin hazırda qlobal böhran olduğunu, bu istiqamətdə təhlükəsiz və dayanıqlı sistemin əhəmiyyətini önə çəkib, böhranının həllində maliyyə institutlarının dəstəyinin mühüm rolunu qeyd edib.
Gülşən Rzayeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” Proqramının əhəmiyyətindən danışıb, bu prosesin Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə dair ən güclü nümunələrdən biri olduğunu deyib.
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen sessiya iştirakçılarına videomüraciətində deyib: “Mənzil böhranı insanların rəqabətinə təhdid yaradır, təhsilinə və tədrisinə problem yaradır. Gənclər yeni ailə qurmaq üçün evini tərk edə, yeni evə sahib ola bilmirlər. Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir. Onların sosial evlərə çıxışı olmur, həmçinin işsizlərin sayı artır. Avropa İttifaqı ölkələrində milyonlarla evsiz insan var. Onların 35 faizi gənclərdir. Bu rəqəmlər həqiqətdir və qəbuledilməzdir”.
Mənzilə çıxış üçün aşağı gəlirin baryer olmamasının vacibliyini qeyd edən Dan Yorgensen bildirib ki, Avropa İttifaqının da bu böhranın həlli istiqamətində oynayacağı rol var: “Biz axını müsbət istiqamətdə dəyişə bilərik. Hər kəsin mənzillə təmin olunması üçün plan həyata keçirməyə çalışırıq. Biz keyfiyyətli mənzilə fokuslanırıq. Çünki, insanların həyatı önəmlidir. Həmçinin biz yaxşı icmalar qurmalıyıq. Tələbələr və evsiz insanlar bu böhrandan ən çox əziyyət çəkənlərdir. Biz bu böhranı birlikdə həll edə və dəyişikliklərə nail ola bilərik. Çünki bütün dünyada mənzil problemi həll olunmalıdır”.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə videomüraciətində WUF13-ün impuls yaratmaq və dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsət olduğunu deyib. Qeyd edib ki, bütün dövlətlər, yerli hakimiyyət orqanları insan hüquqlarına hörmət edərək bunları etməlidirlər. Mənzil təminatı siyasətləri daha dayanıqlı və daha inklüziv cəmiyyətlər üçün çalışmalıdırlar. İnsanların qərarvermə prosesində iştirakı təmin edilməlidir. Çünki insan hüquqları bir lüks deyil. İnsanlar hər şeydən qorunmalıdırlar.
“İqlim böhranı artdığı üçün biz infrastrukturları buna uyğun qurmalıyıq. Biz, həmçinin infrastrukturlar üçün lazımi maliyyə strukturlarını yaratmalıyıq. Siyasi iradə, bir yerdə işləmək istəyi hər yerdə insanlar üçün həll yolları tapmağa kömək edə bilər”, - deyə o əlavə edib.
Panel müzakirələrdə Kolumbiya Universitetinin professoru, Davamlı Həllər Şəbəkəsinin direktoru Cefri Devid Saks, BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Koldo Kasla, “Pontificia Universidad Catolica de Chile”nin professoru Marqarita Qrin, Beynəlxalq Habitat Koalisiyasının prezidenti Qreys Çikumo-Mtonqanın mövzu ilə bağlı məruzələri dinlənilib.
Sessiya çərçivəsində tarixçi və tədqiqatçı Fuad Axundov Bakı tarixi və memarlığı üzrə təqdimatla çıxış edib.
Qeyd edək ki, 162 ölkədən əyani və onlayn formatda 25 mindən çox iştirakçını bir araya gətirən WUF13 dünyanın ən iri Ümumdünya Şəhərsalma forumlarından biri kimi qiymətləndirilir. WUF13 müxtəlif region və sektorlar üzrə geniş beynəlxalq iştirakı ilə davamlı şəhər inkişafı sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platforma rolunu bir daha təsdiqləyir.
