Vahid Hacıyev: Azad olunmuş ərazilərdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun, böhranlara davamlı yaşayış məntəqələri salınır
Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı yenidənqurma işləri təkcə infrastrukturun bərpasından ibarət deyil. Bu, insanların ləyaqətlə və əminliklə geri dönə biləcəyi təhlükəsiz, dayanıqlı və iqtisadi cəhətdən səmərəli icmaların yaradılması deməkdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycanda ağıllı və davamlı şəhər layihələri" tədbirində çıxışı zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
“Biz ağıllı planlaşdırma, yaşıl enerji, rəqəmsal həllər və iqtisadi inkişaf vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun, böhranlara davamlı yaşayış məntəqələri salırıq. İnanırıq ki, bu təcrübələr münaqişədən sonrakı bərpa və iqlimə davamlı inkişaf mövzusunda qlobal müzakirələrə töhfə verə bilər”, - deyə o əlavə edib.
