Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

A- A A+

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 maydan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir.

ADY-dən NUHÇIXAN-a verilən məlumata görə, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı-Tbilisi-Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax,Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.

“Beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Həmçinin beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir”, - deyə ADY-nin məlumatında bildirilir.

Xatırladaq ki, 2019-cu ildə Bakı-Tbilisi-Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: