Bu gün şəhərlər iqlim dəyişikliklərinin ön cəbhəsindədir. Dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və urban ərazilər getdikcə daha çox istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim riskləri ilə üzləşir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə səsləndirib.
O bildirib ki, təbiət artan təzyiq altındadır.
“Buna görə təbiət əsaslı həllər mənzil siyasətinin və şəhərsalma layihələrinin ayrılmaz hissəsinə çevrilməlidir. Şəhərlərin inkişafı ilə təbiətin qorunması arasında aydın balans saxlanmalıdır. Təbiətəsaslı həllər şəhərsalmanın bütün mərhələlərinə – baş planlaşdırmadan və zonalaşdırmadan başlayaraq tikinti və uzunmüddətli idarəetməyədək inteqrasiya edilməlidir. İqlimə davamlı və dayanıqlı şəhər modellərinin formalaşdırılması həm ətraf mühitin qorunmasına, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir”, – deyə nazirin birinci müavini vurğulayıb.
