Dünyadakı 1,3 milyard əlilliyi olan şəxsin yarısından çoxu şəhərlərdə yaşayır. Əlçatmaz tikili mühit, sosial təcrid və şəhər idarəçiliyində zəif təmsilçilik o deməkdir ki, bu şəxslər şəhərsalmanın inkişafında da hələ də çox vaxt geridə qalırlar. Nəticə etibarilə bunu nəzərə almaq üçün hər şey, əslində, planlaşdırma mərhələsindən başlamalıdır.
NUHÇIXAN xəbər verir ki, bunu Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Davamlı İnkişaf və İqlim üzrə baş direktor Birgit Pickel Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Qlobal Əlillik Fondu (UNGDF) və Almaniya Hökumətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün katalitik maliyyələşdirmə və dəstək” mövzusunda keçirilən panel sessiyada bildirib.
O qeyd edib ki, şəhərlərdə inklüzivliyin təmin olunması, həmçinin təhlükəsiz və dayanıqlı mühitlərin qurulması üçün katalizator rolunu oynayan maliyyələşmə kimi vacib bir məsələ ətrafında birlikdə düşünmək olduqca əhəmiyyətlidir: "Əlilliyi olan şəxslər cəmiyyətimizin çox vaxt tanınmayan böyük bir hissəsidir. Onlar çox vaxt görünmürlər və nəticədə, diqqətdən kənarda qalırlar. Həmçinin əlilliyi olan şəxslərin adından fəaliyyət göstərən və ya onları təmsil edən təşkilatlar da çox vaxt daha az görünür və bəlkə də, daha az təsir gücünə malik olurlar. Ona görə də, şəhərlər kontekstində inklüzivlik kimi vacib bir məsələyə diqqət çəkmək üçün bu gün burada bu müzakirəni aparmaq çox yaxşıdır".
O bildirib ki, bu gün dünya əhalisinin təxminən 45 faizi şəhərlərdə yaşayır: "Şəhərlər yoxsulluq və bərabərsizliyə, iqlim dəyişikliyinə, münaqişələrə və sosial inklüzivliyə cavablar tapmalı olduğumuz mərkəzi arenalardır. Şəhərlər həm də innovasiyaların baş verdiyi, yeni ittifaqların qurulduğu və sosial tərəqqimizin böyük hissəsinin hərəkətə gətirildiyi yerlərdir. Şəhərlər çox mürəkkəb çətinliklərlə üzləşirlər: adekvat planlaşdırma olmadan sürətli böyümə, qeyri-formal məskunlaşmalar və bunun nəticəsində yaranan maliyyə çatışmazlıqları. Həmçinin şəhərlərin illər boyu böyümə formasından və ya salındığı dövrdən qaynaqlanan dərin bərabərsizliklər, adekvat və hər kəs üçün əlçatan mənzil təminatının olmaması və burada qeyd edə biləcəyim daha bir çox problemlər. Bu çətinliklər, təkrar edirəm, bir çox insana təsir edir, lakin onsuz da həssas vəziyyətdə olan insanlara, xüsusən də əlilliyi olan şəxslərə ən ağır zərbəni vurur", - deyə o qeyd edib.
