Bu sessiyada mədəni irsin və inklüziv şəhər regenerasiyası mövzusu və yeni şəhər gündəliyi xüsusi diqqət mərkəzindədir. Bakı bu cür müzakirələrin aparılması üçün olduqca əlverişli və dəyərli məkandır.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiyasında deyib.
Anaklaudia Rossbax vurğulayıb ki, müzakirələr zamanı mobillik, infrastruktur və şəhər planlaşdırılması kimi mövzulara da xüsusi diqqət yetirilməlidir. “Mən İçərişəhəri ziyarət etmişəm və bu məkanın tarixi və mədəni əhəmiyyətini yaxından görmək imkanım olub. Gələcəyin şəhərlərini formalaşdırarkən yalnız müasir inkişafı deyil, həm də keçmişin irsini nəzərə almaq vacibdir. Güclü şəhərlər həm də mədəniyyət amilini ön planda saxlayan şəhərlərdir. Yeni şəhər proqramına 10 il sonra baxdıqda, mədəniyyətin rolu və təsiri aydın şəkildə görünməlidir. Bu müzakirələrin çox faydalı olacağına inanıram”,- deyə o əlavə edib.
