Yüksək urbanizasiya və turizm asılılığı şəhər inkişafında yeni çağırışlar yaradır.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qərbi Afrika Mərkəzinin rəhbərinin müavini Evandro Holz Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İnteqrasiya olunmuş Şəhər Həlləri və Mənzil üçün İnsan Təhlükəsizliyindən İstifadə - BMT-nin Birgə Fəaliyyətindən Dərslər" adlı tədbirdə bildirib.
"Kabo-Verde Afrikanın qərb sahilində yerləşir, təxminən 460 min əhalisi olan, 10 müxtəlif adadan ibarət dövlətdir. Bura yüksək dərəcədə urbanizasiyalaşıb. İnsanların təxminən 70 %-i artıq şəhərlərdə yaşayır. Ərazi orta və yaxud yuxarı-orta gəlirli ölkələr sırasında yer alır. Yaxşı haldır ki, bura həm də siyasi baxımdan çox sabitdir. Ölkədə hərfi mənada 2 gün əvvəl seçkilər keçirildi. Hər şey yaxşı keçdi. Müxalifət partiyası qalib gəldi və biz danışdığımız ərəfədə hakimiyyətin ötürülməsi prosesi gedir. Lakin, təbii ki, ölkə hələ də kifayət qədər fərqli problemlərdən əziyyət çəkir, çünki bura, məsələn, Cənubi Amerikadan Avropaya və digər yerlərə narkotik qaçaqmalçılığı marşrutunun üzərində yerləşir ki, bu da digər kontekstlər və ya digər elementlərlə yanaşı, xüsusən də gənclər arasında yüksək cinayətkarlıq həddi ilə nəticələnir. Və bu problemlər bir sıra amillərlə daha da mürəkkəbləşir. Məsələn, ölkənin turizmdən yüksək dərəcədə asılı olması faktı, digər səbəblərlə yanaşı, COVID pandemiyasının tərkib hissəsi olaraq ÜDM-in demək olar ki, 30 % azalması buna misaldır", - deyə o qeyd edib.
