Şəhərlər öz iqlim hədəflərini investisiya cəlb edə biləcək layihələrə çevirərkən ciddi çətinliklərlə üzləşirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə İspaniyanın Merlərin Qlobal Paktının şəhər iqlim fəaliyyəti və maliyyələşdirilməsi şöbəsinin rəhbəri Yohanna Qranados Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" mövzusunda investorların dəyirmi masasında bildirib.
"Dünya üzrə şəhərlərin böyük əksəriyyəti öz iqlim ehtiyacları barədə aydın təsəvvürə malikdir. Lakin onlar bu məqsədləri maliyyə baxımından cəlbedici təşəbbüslərə çevirərkən əhəmiyyətli çətinliklərlə üzləşirlər. Bu problem borc maliyyələşdirilməsinin cəlb edilməsi və səmərəli istifadəsi üçün çox vaxt həm lazımi kadr potensialından, həm də kifayət qədər idarəetmə səlahiyyətlərindən məhrum olan kiçik və orta şəhərlər üçün daha aktualdır", - Y.Qranados qeyd edib.
