Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə hazırladığı tədris alətini gələn ay və yaxud daha tez təqdim etməyi planlaşdırır.
NTV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əməkdaşlıq və Protokol Departamentinin rəis müavini Günel Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) çərçivəsində təşkil olunmuş "Milli Şəhər Siyasətləri və Mənzil Həllərindən Əldə Edilən Fikirlərin Əlaqələndirilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, milli şəhər siyasəti mənzil məsələlərini və problemlərini də əhatə etməlidir: "2016-cı ildə Azərbaycanda güzəştli şərtlərlə mənzil təminatı üçün Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. O, xüsusi hüquqlara malik bəzi vətəndaşları, şəhid ailələrini, elmi dərəcəsi olan gənc dövlət qulluqçularını, gənc ailələri və sairəni əhatə edir. Qurum əhalinin bir hissəsini əhatə edir, lakin demək olar ki, bu, tam mənada mənzil siyasəti deyil. Bəli, bizdə yenilənməyə ehtiyacı olan Mənzil Məcəlləsi var".
G.Məlikova Azərbaycanda milli şəhər siyasətindən danışarkən hər şeyin 2012-ci ildə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qəbulu ilə başladığını xatırladıb: "Bununla belə, bizdə hələ də vahid, aydın şəkildə rəsmiləşdirilmiş milli şəhər siyasəti sənədi yox idi. Eyni zamanda biz Dünya Bankının dəstəyi ilə Böyük Bakını - Bakı, Sumqayıt və Xırdalanı əhatə edən əhatə edən regional planın hazırlanmasına da başladıq. O, 2015-ci ildə tamamlandı".
Onun sözlərinə görə, Azərbaycan hazırda milli siyasət hazırlayır: "Bu da BMT-nin 2026–2030-cu illər üçün Davamlı Əməkdaşlıq Çərçivə Proqramında öz əksini tapıb. Bu layihələrə UN-Habitat-ın dəstəyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha davamlı, balanslaşdırılmış kəndlərin yaradılması məqsədilə iki kənd üçün kompleks məkan planlaşdırması, DİM-lərin tətbiqi və lokallaşdırılması da daxildir. Bu, UN-Habitat-ın Azərbaycandakı bərpa proseslərinə töhfəsidir. O, həmçinin DİM-lərin lokallaşdırılmasına diqqət yetirməklə kəndlər və ya yaşayış məntəqələri üçün müəyyən rəhbər prinsiplərin hazırlanmasını əhatə edir".
