Samer Bacin: Bir çox şəhərlərdə su ehtiyatlarının azalmasına verilən gec reaksiya insanların məcburi köçünə səbəb olur
Fəlakətlərdən sonra transformativ bərpa prosesləri getdikcə daha təxirəsalınmaz xarakter alır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın GPN (Global Planners Network) və RTPI (Royal Town Planning Institute) təşkilatlarının nümayəndəsi Samer Bacin Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Habitat Peşəkarları Forumu Fəlakətdən Sonra Transformativ Bərpa üçün Yeni Qlobal Çərçivəni təqdim edir" mövzusunda brifinqdə çıxışı zamanı deyib.
O vurğulayıb ki, təbii və insan fəaliyyəti nəticəsində yaranan fəlakətlər daha tez-tez baş verir və olduqca gözlənilməz, sarsıntılarının nəticələri isə dağıdıcı olur.
“Mövcud qanunlara baxmayaraq, bərpa prosesləri bir çox hallarda yeni həssaslıqlar yaradır. Həssaslığın azaldılması kritik əhəmiyyət daşıyır. İqlim dəyişiklikləri, məcburi miqrasiya və sürətli urbanizasiya artıq hamıya məlum olan əsas çağırışlardır. Lakin bərpa prosesləri tez-tez parçalanmış şəkildə həyata keçirilir, müxtəlif qurumlar arasında koordinasiya zəif olur və fəaliyyətlər bir-birini təkrarlayır”, - deyə Samer Bageen qeyd edib.
S.Bageen Böyük Britaniyada baş verən daşqınlar, isti hava dalğalarını, quraqlıq, qar və buz hadisələri, eləcə də son illərin ən rütubətli qış mövsümünü misal göstərib. O qeyd edib ki, bir çox şəhərlər yalnız su ehtiyatları azaldıqdan sonra reaksiya verməyə başlayır ki, həmin dövrdə insanlar məcburi köçlə üzləşirlər: “Onların doğma evlərinə geri qayıtması isə bəzən uzun illər çəkir. Onların əsas məqsədi bərpa prosesini sürətləndirmək və insanların təbii fəlakətlərdən sonra öz evlərinə daha tez qayıtmasını təmin etməkdir”.
