İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard dollar təşkil edib.
İİTKM-dən NUHÇIXAN-a bildirilib ki, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71 faiz, pambıq lifi 49,9 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 32,2 faiz, çay 12,1 faiz, spirtli və spirtsiz içkilər isə 9,4 faiz artıb. Yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3 faiz artaraq 298,3 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6 faiz artaraq 119 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1 faiz artaraq 417,3 milyon dollara bərabər olub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon dollar) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon dollar) ikinci, mis filizləri (87,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (35,89 milyon dollar) birinci olub. Bu siyahıda pambıq lifi (35,83 milyon dollar) ikinci, tomat (30 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-aprel aylarında Rusiyaya 306,6 milyon dollar, Türkiyəyə 219,2 milyon dollar, Gürcüstana 175,8 milyon dollar, İsveçrəyə 139,5 milyon dollar, Ukraynaya isə 56 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2026-cı ilin aprel ayında Rusiyaya 94,9 milyon dollar, Türkiyəyə 79,3 milyon dollar, Gürcüstana 55,1 milyon dollar, İsveçrəyə 36,1 milyon dollar, Ukrayna 13,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AGRARCO” MMC, “Baku Steel Company” QSC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “SOCAR POLYMER” MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “AzərEnerji” ATSC, “SOCAR Cape” MMC, “Naxçıvan Enerji” MMC.
