Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədr müavini Toğrul Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
NUHÇIXAN Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinə istinadla xəbər verir ki, tərəflər riskəsaslı nəzarətin təkmilləşdirilməsi, nəzarət fəaliyyətinə müasir analitik alətlərin və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə ediblər. Onlar, həmçinin maliyyə institutlarının dayanıqlığının qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.
Bundan əlavə, görüş iştirakçıları istehlak kreditlərinin, o cümlədən faiz dərəcəsinin tənzimlənməsi və borc-kapital nisbətinin hesablanması üzrə təcrübə mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan Mərkəzi Bankının nümayəndələrinin Agentliyin riskəsaslı nəzarətə yanaşmalarına, Nəzarət Baxışı və Yoxlama Prosesinin (SREP) tətbiqinə, habelə çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məsələlərə həsr olunmuş bir sıra ekspert sessiyalarında iştirakı planlaşdırılır.
Bankların daxili kapitalının və likvidlik adekvatlığının qiymətləndirilməsinə, nəzarət fəaliyyətində “SupTech” texnologiyalarından və süni intellektdən istifadəyə, risklərin idarə edilməsi modelinə xüsusi diqqət yetiriləcək.
Görüşdən sonra tərəflər maliyyə sektorunun tənzimlənməsi və nəzarətinin cari məsələləri üzrə əməkdaşlığı daha da inkişaf etdirməkdə və təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını təsdiqləyiblər.
