Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.
Bu barədə NUHÇIXAN-a Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bu gün TANAP-ın istifadəyə verilməsindən 8 il ötür. 12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.
