2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə debitor borc 2024-cü ilə nisbətən 41 % artıb, əsas pay su və irriqasiya sahəsinə aid olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənəddə deyilir ki, icmal hesabata əsasən 2025-ci ilin sonuna mövcud olan debitor borc 14 sifarişçi üzrə 265,9 milyon manat (əvvəlki ildə 188,6 milyon manat) təşkil edib. Aparılan təhlillə müəyyən edilib ki, bu məbləğin 19,4 %-i və yaxud 51,5 milyon manatı 1 sifarişçi üzrə hesabat ilində istifadə olunmayan vəsaitin İcmal hesabatda ödənilmiş vəsait kimi göstərilməsi hesabına yaranıb.
Belə ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna 4 layihə üzrə ödənilmiş 85 milyon manat vəsaitdən 51,5 milyon manat sifarişçinin bank hesabında istifadəsiz saxlanıldığı halda, icmal hesabatda podratçılara ödənilmiş vəsait kimi göstərilib.
Debitor borcun 191,8 milyon manatı və yaxud 72,1 %-i 30 layihə üzrə su və irriqasiya sahəsinin, 6,4 milyon manatı və yaxud 2,4 %-i səhiyyə infrastrukturunun, 3,6 milyon manatı və yaxud 1,4 %-i təhsil infrastrukturunun və s. payına aiddir.
