Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən martın 18-dən tədavülə buraxılıb.
AMB-dən NUHÇIXAN-a bildirilib ki, beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar edilən nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir.
Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əsginas üzrə ümumi dövriyyənin 0,5 faiz həcmində yeni 10 manatlıq pul nişanı buraxılıb. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur.