Cəbrayıl rayonunda 28 milyon manat həcmində damazlıq yumurta kompleksi yaradılır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə quşçuluq kompleksi olan "Hicaz Poultry" MMC-nin rəhbəri Səfər Sadıxov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil edilmiş müşavirədə bildirib.
S. Sadıxovun sözlərinə görə, layihənin təməli 2024-cü ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
"Quşçuluq kompleksi 40 hektar sahəni əhatə edəcək və 2027-ci ilin ortalarında tam istismara verilməsi nəzərdə tutulur. Layihə daxilində 150 daimi iş yerinin açılması planlaşdırılır. Hazırda layihəyə 8 milyon manat məbləğində investisiya qoyulub. Biotəhlükəsizlik standartlarının təmin edilməsi üçün 40 hektarlıq ərazi 6 müstəqil zonaya ayrılıb".
