Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə NUHÇIXAN-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunun 1,627 milyon dollarlıq hissəsi may ayının payına düşüb.
5 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,85 % azdır.
Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.
