Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib
Azərbaycanda azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və sosial-iqtisadi reinteqrasiya prosesi milli prioritetlərdən biridir.
NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) qrupunun 51-ci illik toplantıları çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycanın məcburi köçkünlər və qaçqınlarla bağlı həyata keçirdiyi sosial layihələrə dəstək göstərən ilk beynəlxalq maliyyə institutlarından biri olub.
“Ölkədə hər 8 vətəndaşdan biri məcburi köçkün və ya qaçqın vəziyyətində idi və bu istiqamətdə genişmiqyaslı dəstək proqramları həyata keçirilib. İslam İnkişaf Bankı, həmçinin azad edilmiş ərazilərdə suvarma infrastrukturunun, o cümlədən Qarabağ suvarma kanalının bərpası üçün xüsusi kredit xətti ayıran ilk beynəlxalq maliyyə qurumlarından biridir".
Azərbaycanın investisiya perspektivlərinin üç strateji üstünlük - əlaqəlilik, yaşıl enerji və rəqəmsal hazırlıq üzərində formalaşdığını deyən nazir beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşağı kimi Azərbaycanın, xüsusilə müasir nəqliyyat, logistika və multimodal infrastruktur layihələrə davamlı investisiyalar hesabına Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirdiyini sözlərinə əlavə edib. Nazir qeyd edib ki, bu gündəliyin əsas elementlərindən biri TRIPP layihəsidir: “Bu marşrut Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələri gücləndirəcək, eyni zamanda, ölkəmizin Avropa ilə Asiya arasında regional logistika və tranzit mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək”.
