Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir
Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi təşkil olundu. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermerlərin, sahibkarların və aidiyyatı dövlət qurumlarının iştirakı ilə Dövlət Proqramının hədəfləri, məqsədləri, qarşıya qoyulan tapşırıqlar və nəzərdə tutulan dövlət dəstəkləri ilə bağlı ətraflı məlumatlar verildi. Həmçinin yeni investisiyaların cəlbi ilə bağlı imkanlar sahibkarların diqqətinə çatdırıldı.
NUHÇIXAN-ın məlumatına görə, bunu Ağcabədidə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Zaur Əliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə ümumi hədəf Dövlət Proqramının sonuna qədər aqrar fəaliyyətin təmin olunmasıdır. “Ümumilikdə azad olunmuş ərazilərdə daha yüksək dəyər yaradan məhsul istehsalını təşviq edəcək aqrar sistemin qurulması hədəflənir. Burada, həmçinin dövlət xidmətlərinin vahid pəncərə sistemi prinsipi üzərində təqdim olunması nəzərdə tutulub. Ümumilikdə, işğaldan azad olunmuş ərazilər aqrar sektorda qabaqcıl təcrübələrin tətbiqi üçün bizə geniş imkanlar açır. Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir”.
