Cari ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 996,2 milyon manat təşkil edib ki, onun da 3 milyard 95,4 milyon manatı heyvandarlıq, 900,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
NUHÇIXAN Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 1,1 faiz artıb.
Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 244,4 min ton ət, 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunub. Keçən ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 4,7 faiz artıb, süd istehsalı 0,1 faiz, yumurta istehsalı 2,2 faiz, yun istehsalı 5,2 faiz azalıb.
Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başa çatıb. İyunun 1-i vəziyyətinə 359,3 min hektar sahədə yazlıq bitkilər əkilib.
