Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 570 milyon ABŞ dolları təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 9% artıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5% payla qonşu ölkənin ən çox ticarət əməliyyatı apardığı ölkələr arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci yeri tutub.
Gürcüstandan Azərbaycana 269,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4,6% azdır. Azərbaycan Gürcüstanın ixracında 8,7% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü olub.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə ötən ilin analoji dövrünə nisbətdə 24,5% artaraq 300,5 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 4,1% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.
İlk beş ayda Gürcüstanın xarici ticarətinin ümumi həcmi 10,44 milyard ABŞ dollarına bərabər olub ki, bunun da 3,11 milyard ABŞ dolları ixracın, 7,33 milyard ABŞ dolları isə idxalın payına düşüb.
