İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionlarda təqdimatı və sahibkarlarla birbaşa müzakirələrin aparılması proqramın effektiv icrası baxımından xüsusi əhəmiyyət daşıyır.
NUHÇIXAN xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlaması zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Şəmkir rayonu kənd təsərrüfatı üzrə formalaşmış ənənələri, yüksək istehsal göstəriciləri və iqtisadi potensialı ilə seçilir.
“Qazax–Tovuz iqtisadi rayonu bağçılıq, tərəvəzçilik, heyvandarlıq və taxılçılıq sahələrində ölkənin aparıcı regionlarından biridir. Bu səbəbdən dövlət proqramının bu regionda tanıdılması, nəzərdə tutulan tədbirlərin sahibkarlarla müzakirəsi və onların təkliflərinin dinlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Cari ay ərzində digər rayonlarda da analoji görüşlərin və təqdimatların keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə əsas diqqət proqram çərçivəsində müəyyən olunmuş tədbirlərin icrasına yönəldiləcək. Bu məqsədlə yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayonlar üzrə fəaliyyət planları hazırlanacaq və onların icrasına başlanılacaq. İcra prosesində qarşıya çıxan maneələrin, mövcud çatışmazlıqların və əlavə ehtiyacların müəyyən edilərək hökumətə təqdim olunması da nəzərdə tutulur. Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, kənd təsərrüfatının inkişafı fasiləsiz prosesdir və sonrakı mərhələlərdə də davam etdiriləcək”, – deyə o əlavə edib.
İlhamə Qədimova fermer və sahibkarlarla davamlı dialoqun vacibliyini vurğulayaraq qeyd edib ki, proqramda nəzərə alınmayan məsələlərin gələcək inkişaf sənədlərində əksini tapması üçün onların rəyləri xüsusi əhəmiyyət daşıyır: “Şəmkir rayonu üzrə ötən il təxminən 1 milyard 250 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub və region məhsuldarlıq göstəricilərinə görə ölkə üzrə ön sıralardadır. Aqroparkların məhsuldarlıq göstəriciləri də ölkə ortalamasından yüksəkdir. Lakin əsas yanaşma mövcud potensialın düzgün qiymətləndirilməsi və əlavə imkanların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Potensial olan istiqamətlər üzrə istehsalın artırılması, emal imkanlarının yaradılması və əlavə dəyər zəncirinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.
