Aprelin 26-da Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə yeddi məsələnin daxil olduğunu bildirib.
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qanun layihəsinə münasibətini bildirib, bir sıra təkliflər irəli sürüb. Nazir müavini bildirib ki, elektron kənd təsərrüfatı sistemi qurulub. Hər gün on minlərlə fermer bu sistemdə qeydiyyatdan keçir. Kağız üzərində bəzən eyni predmetlə bağlı birdən çox müqavilə bağlanır. Bu, dövlət vəsaitindən sui-istifadəyə səbəb olur. Amma elektron informasiya sistemində bütün bu hallar aradan qaldırılacaq. Fermer bir təsərrüfata münasibətdə bir müqavilə bağlaya bilər.
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib ki, Azərbaycanda təxminən 400 minə yaxın fermer kənd təsərrüfatı subsidiyasından istifadə edir. Bu, o deməkdir ki, dövlət vətəndaşa maliyyə dəstəyi verir. Buna baxmayaraq, dövlətin verdiyi maliyyə dəstəyindən sahibkarlıq subyektlərinin təxminən 50 faizi istifadə edir. Bu, o deməkdir ki, vətəndaşların bir çoxunda kiçik torpaq sahələri var, 80 faizi təxminən 2 hektardan az torpağa sahibdir. “Dövlət fondunun yaradılması, dövlət tərəfindən subsidiyaların verilməsi və bütün bu sistemin dövlət-özəl tərəfdaşlığı əsasında qurulması gələcəkdə aqrar sığorta sisteminin uğurlu işləməsinin təminatçısı olacaq”, - deyə M.Əliyev bildirib.
Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.
Müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.