Ekspert: QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır - AÇIQLAMA
Nazirlər Kabinetinin ötən gün təsdiq etdiyi qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsi qaydası vətəndaş cəmiyyəti sektorunda yeni mərhələdir.
NUHÇIXAN xəbər verir ki, bunu AZƏRTAC-a açıqlaması zamanı maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
Onun sözlərinə görə, yeni qayda ilə QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır.
“Hazırda ölkədə 16 dövlət qurumu, o cümlədən 9 nazirlik QHT-lərə qrant verir. Bundan sonra onlar maliyyələşdirmə ilə bağlı bütün prosesi ixtisaslaşmış qurum olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə icra edəcək. Bu da gözlənilən idi. Çünki son 3 ildə bu qurumda islahatlar aparılıb, qrantların ayrılmasına nəzarət gücləndirilib, yeni qrant modeli formalaşdırılıb. İndi isə həmin modelin bütün aidiyyəti qurumlar üzrə tətbiq edilməsinə qərar verilib. Son nəticədə dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitlərdən daha səmərəli istifadə olunacaq”, - deyə ekspert qeyd edib.
Bundan başqa, N.Hüseynov əlavə edib ki, yeni qaydada maraqlı yeniliklər var: “Əvvəllər 15 min manata qədər olan kiçik qrantlar üçün yuxarı həddi 2 dəfə artırılaraq 30 min manata çatdırılıb. Böyük qrantlar üçün isə 50 min manatlıq yuxarı hədd ləğv edilib ki, məbləğ hər bir müsabiqə üzrə ayrılıqda müəyyən edilsin. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə biz 70, 100, 150 min manatlıq qrant müsabiqələri ilə rastlaşa bilərik. 3-4 il bundan əvvələ qədər QHT-lər büdcədən müsabiqələr yolu ilə ən çox 15-20 min manat qrant ala bilirdilər”.
