ABŞ və İran arasında Yaxın Şərqdə baş verən son hərbi zərbələr fonunda neftin qiyməti artıb, nəticədə qızıl ucuzlaşıb. Eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər də qızılın ucuzlaşmasına səbəb olub.
NUHÇIXAN xəbər verir ki, iyunun 29-da qızılın bir troya unsiyasının qiyməti 27,6 dollar azalaraq 4 068,7 dollara düşüb. Avqust ayı üzrə ABŞ qızıl fyuçersləri isə 0,6 faiz ucuzlaşaraq 4 072,2 dollar olub.
Qızıl ardıcıl dördüncü ay dəyər itirir və aylıq ucuzlaşma 10,5 faiz təşkil edir.
Analitiklərin sözlərinə görə, həftəsonu ABŞ və İran arasında yenidən hərbi qarşıdurma yaşanıb. Bu vəziyyət neft qiymətlərinin aşağı səviyyədə qalacağı ilə bağlı gözləntiləri zəiflədib. Yüksək neft qiymətləri inflyasiya və faiz dərəcələrinin artırılması riskini yüksəldir.
Məlumata görə, İran bazar günü səhər saatlarında ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini müharibənin dayandırılması ilə bağlı razılaşmaya əməl etməyəcəyi təqdirdə ciddi nəticələrlə xəbərdarlıq etmişdi.
Yüksək neft qiymətləri inflyasiyanı sürətləndirə və faiz dərəcələrinin artırılması ehtimalını gücləndirə bilər. Qızıl inflyasiyadan qorunma vasitəsi hesab olunsa da, yüksək faiz dərəcələri şəraitində gəlir gətirməyən aktiv kimi cəlbediciliyini itirir.
İnvestorlar bu həftə açıqlanacaq ABŞ-nin məşğulluq hesabatını gözləyirlər. Gərginliyin azalması, neftin qiymətinin müharibədən əvvəlki səviyyələrə enməsi və ABŞ dollarının zəifləməsi halında qızılın qiyməti bu il yenidən 5000 dollar səviyyəsinə çata bilər.
Digər qiymətli metallar arasında gümüş 0,9 faiz ucuzlaşaraq bir unsiya üçün 58,91 dollar, platin 0,1 faiz bahalaşaraq 1 616,55 dollara, palladium isə 1 faiz bahalaşaraq 1221,29 dollara çatıb.
