İqtisadçı-jurnalist: Dövlət Proqramı Naxçıvan üçün aqrar inkişafda yeni imkanlar yaradır

A- A A+

Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" Naxçıvan Muxtar Respublikası üçün də mühüm iqtisadi imkanlar vəd edir.

İqtisadçı-jurnalist Mətin Abbaslı NUHÇIXAN-a müsahibəsində bildirib ki, proqram çərçivəsində ayrılması nəzərdə tutulan 2 milyard manat vəsait sadəcə subsidiya paketi deyil, aqrar sektorun inkişafına yönəlmiş kompleks dövlət dəstəyidir. Onun sözlərinə görə, qarşıdakı illərdə kənd təsərrüfatında istehsalın artırılması, emal sənayesinin genişləndirilməsi, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının gücləndirilməsi əsas hədəflər sırasındadır.

Dövlət Proqramına əsasən, 2030-cu ilədək kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində ümumi daxili məhsulun orta illik artımının ən azı 2 faiz, emal məhsullarının ixracının isə orta hesabla 6 faiz artırılması hədəflənir. Eyni zamanda süd və ət istehsalının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas prioritetlər sırasında yer alır.

Mətin Abbaslı hesab edir ki, bu hədəflər Naxçıvan üçün də xüsusi əhəmiyyət daşıyır. Uzun illər logistika məhdudiyyətləri ilə üzləşən muxtar respublika üçün istehsalın genişləndirilməsi ilə yanaşı, həmin məhsulların bazarlara rəqabətqabiliyyətli şəkildə çıxarılması da vacib amildir.

"Naxçıvanın iqlim və relyefi eyni vaxtda taxılçılıq, meyvəçilik, üzümçülük, qozçuluq, heyvandarlıq və arıçılıq kimi müxtəlif sahələrin inkişafına imkan verir. Dövlət dəstəyi bu potensialın iqtisadi nəticəyə çevrilməsini sürətləndirə bilər", – deyə iqtisadçı-jurnalist bildirib.

O, vurğulayıb ki, proqramın uğuru yalnız əkin sahələrinin genişlənməsi ilə ölçülməyəcək. Əsas məqsəd xammal istehsalından daha çox əlavə dəyər yaradan emal sənayesinin inkişafıdır. Meyvə şirələri, quru meyvə, konserv məhsulları, süd və ət emalı müəssisələrinin genişlənməsi fermerlərin gəlirlərini artırmaqla yanaşı, kənd yerlərində yeni iş yerlərinin açılmasına da töhfə verə bilər.

Mətin Abbaslı bildirib ki, istehsal olunan məhsulun bazara çıxarılması məsələsi də proqramın uğurunda həlledici rol oynayacaq. Prezidentin qeyri-neft-qaz məhsullarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi haqqında fərmanı bu baxımdan Naxçıvan üçün strateji əhəmiyyət daşıyır. Yeni mexanizmə əsasən, Azərbaycan qeydiyyatlı nəqliyyat vasitələri ilə daşınan məhsulların nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən qarşılanacaq. Bu isə Naxçıvan istehsalçılarının ölkənin digər bölgələri və xarici bazarlarda rəqabət qabiliyyətini artıracaq.

İqtisadçı-jurnalistin fikrincə, həyata keçiriləcək tədbirlər nəticəsində Naxçıvanda yeni intensiv bağların salınması, emal müəssisələrinin yaradılması, kənd yerlərində məşğulluğun artması, fermer gəlirlərinin yüksəlməsi və ixrac potensialının güclənməsi üçün real imkanlar yaranacaq. Xüsusilə qoz, üzüm, ərik, alça, tütün, süd və ət məhsulları kimi ənənəvi istehsal sahələrinin daha gəlirli iqtisadi fəaliyyətə çevrilməsi mümkün olacaq.

"Bu gün artıq maliyyə mexanizmləri, subsidiya əmsalları, güzəştli kreditlər və daşıma dəstəyi müəyyənləşdirilib. Qarşıdakı əsas vəzifə bu imkanların muxtar respublikanın rayonlarında real istehsala, yeni investisiyalara və insanların gəlirlərinin artmasına çevrilməsidir. Bunun nəticələri isə həm dövlət qurumları, həm də media tərəfindən davamlı izlənilməlidir", – deyə Mətin Abbaslı bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: