ABŞ və İran arasında imzalanan müvəqqəti sülh müqaviləsi pozulmazsa, “Brent” markalı xam neftin bir barelinin qiyməti 60-65 dollara düşə bilər.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu proqnozla ABŞ-nin üçüncü böyük bankı olan “Citigroup”un analitikləri çıxış ediblər.
Analitiklər gərginliyi azaltmaq üçün stimulların yeni bir münaqişənin xərclərindən daha çox olduğunu bildirib, “Brent” neftinin ilin sonuna qədər 60-65 dollara düşəcəyini proqnozlaşdırıblar.
“Citigroup”a görə, ABŞ-İran anlaşması qüvvədə qalacaq və yaxın aylarda rəsmi razılaşmaya çevriləcək.
ABŞ və İran arasında imzalanan müvəqqəti sülh müqaviləsindən sonra Körfəzdə daşımalar normal vəziyyətə qayıdır. Səudiyyə Ərəbistanının xam neft ixracı tankerlərin yenidən Hörmüz boğazından tranziti bərpa etməsi ilə müharibədən əvvəlki səviyyələrə yaxınlaşıb. Gəmi izləmə məlumatlarına görə, dünyanın ən böyük neft ixracatçısı çərşənbə gününə qədərki 6 gün ərzində gündəlik 6,3 milyon barel neft göndərib. Bu rəqəm 2025-ci ilin orta göstəricisinə yaxındır, fevral ayındakı səviyyənin isə təxminən 90 faizinə bərabərdir. Həmçinin ümumilikdə 10 milyon barel Səudiyyə Ərəbistanı neftini daşıyan ən azı 5 supertanker Hörmüz boğazından çıxıb. Bundan əlavə, “Saudi Aramco” şirkəti Asiyada satışları sürətləndirmək üçün spot qiymətlərə keçib. Küveytin isə neft hasilatını iyun ayında gündəlik 580 min bareldən 1,65 milyon barelə qədər artdığı bildirilir.
Qeyd edək ki, “Brent” neftinin qiyməti ilin birinci yarısını bu dövrdə qeydə alınan pik həddindən 42 faiz aşağıda başa vurub. İlin əvvəlində 61 dollara satılan “Brent” neftinin qiyməti Yaxın Şərqdəki 100 gündən çox davam edən münaqişə müddətində 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədənəvvəlki son ticarət günündə - fevralın 27-də 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub.
Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin, təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent”in qiyməti aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb. “Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib. “Brent” nefti iyun ayını 72,95 dollar səviyyəsində başa vurararaq müharibədən əvvəlki səviyyələrə qayıdıb. Hazırda “Brent”in bir barelinin qiyməti isə 72 dollar civarındadır.
