İlin birinci yarısında misin qiyməti rekord həddə, alüminiumun qiyməti isə son 4 ilin maksimumuna çatıb

A- A A+

İlin birinci yarısında dünya bazarında misin qiyməti rekord həddə çatıb, alüminiumun qiyməti isə son 4 ilin maksimum səviyyəsinə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq bazarlarda süni intellekt məlumat mərkəzlərindən gələn güclü tələbat və qlobal təchizat problemləri səbəbindən ilin birinci yarısında misin qiymətində artım müşahidə olunub. Misin qiyməti yanvar ayında 5 faiz, fevral ayında isə 1,2 faiz artıb. Yaxın Şərqdə müharibənin başlamasından sonra mart ayında 6 faiz ucuzlaşıb. Apreldə 6 faiz artan misin qiyməti may ayında da yüksəliş trendini davam etdirib. May ayında 6,8 faiz artan misin qiyməti iyunun 2-də rekord həddə - funt üçün 6,67 dollara çatıb. Misin qiyməti iyun ayını 2,8 faiz azalma ilə başa vursa da, ümumilikdə il ərzində investorları məmnun edib. Misin qiyməti ilin birinci yarısını 9,8 faiz artımla başa vuraraq funf üçün 6,09 dollara yüksəlib. Hazırda misin bir tonunun qiyməti 13 min 40 dollar civarındadır.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur. Ekspertlərin fikrincə, misin qiymətinin bahalaşması süni intellekt investisiyalarının artması ilə bağlıdır.

Hesabat dövründə ABŞ-İran müharibəsindən qaynaqlanan təchizat narahatlıqları səbəbindən London Metal Birjasında alüminiumun qiyməti də kəskin artıb. Hörmüz boğazının bağlanması Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin illik alüminium istehsalı və ixracını - ümumilikdə təxminən 6,2 milyon ton təşkil edən məhsullarını risk altına qoyub. Bu üç ölkə Hörmüz boğazı vasitəsilə alüminium ixracının 80 faizini təşkil edir.

Alüminium istehsalının maya dəyərinin təxminən 40 faizi elektrik enerjisi xərclərindən gəlir. Enerji xərclərinin son zamanlar artması alüminium qiymətlərinin artmasına səbəb olub ki, bu da qiymətləri yüksəldən digər amildir. Bu inkişaflar fonunda London Metal Birjasında ticarət edilən alüminiumun qiyməti yanvar ayında 5 faiz artaraq bir ton üçün 3144 dollara çatıb. Fevralda qiymət 0,1 faiz azalaraq 3140 dollara düşüb, martda 10,4 faiz artaraq 3467 dollara, apreldə 0,2 faiz bahalaşaraq 3474 dollara, mayda 5,5 faiz artaraq 3666 dollara çatıb. İyunun 2-də isə alüminium qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çataraq bir ton ümün 3787 dollar olub. Lakin ABŞ və İran arasında imzalanan sülh müqaviləsindən qaynaqlanan geosiyasi gərginliklərlə bağlı narahatlıqlar səbəbindən alüminium qiymətləri iyun ayını 15,8 faiz azalma ilə 3088,5 dollar səviyyəsində başa vurub. İyun ayındakı azalmaya baxmayaraq, ilin birinci yarısında alüminiumun qiyməti 3 faiz artıb. Hazırda alüminiumun bir tonunun qiyməti 3100 dollar civarındadır.

Bundan başqa, ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu ilin dördüncü rübü və 2027-ci il üzrə alüminiumun qiymətinə dair proqnozlarını aşağı salıb. Bankın analitikləri dördüncü rüb üzrə qiymət proqnozunu 3200 dollardan 2950 dollara, 2027-ci il üzrə isə 2950 dollardan 2700 dollara endiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: