Rumıniya nəşri: Aİ-ABŞ enerji sazişi ilk ciddi sınaqla üzləşib, Azərbaycanla enerji əməkdaşlığının əhəmiyyəti artıb

A- A A+

Rumıniyanın “Știripesurse” nəşri yazır ki, bir il əvvəl Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında imzalanmış enerji sazişi ilk ciddi sınağı ilə üzləşib. Nəşrin məlumatına görə, Avropa İttifaqının ABŞ-dən böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırmaq planları qlobal bazardakı qiymət dəyişiklikləri və kommersiya maraqları səbəbindən gözlənilən tempdə həyata keçirilmir.

NUHÇIXAN xəbər verir ki, məqalədə sazişin Avropa İttifaqının qarşıdakı üç il ərzində ABŞ-dən təxminən 750 milyard dollar dəyərində enerji məhsulları almasını və bununla da Rusiya enerji resurslarından asılılığını daha da azaltmasını nəzərdə tutduğu qeyd olunur. Lakin son aylarda ABŞ-dən ixrac olunan LNG-nin əhəmiyyətli hissəsi Avropa əvəzinə daha yüksək qiymət təklif edən Asiya bazarlarına yönəldilib.

“Știripesurse” yazır ki, bu vəziyyət enerji bazarında iqtisadi amillərin siyasi razılaşmalardan üstün olduğunu göstərir. ABŞ şirkətləri kommersiya baxımından daha sərfəli bazarlara üstünlük verdikləri üçün Avropaya qaz tədarükünün həcmi azalır. Bu isə Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının qarşısında yeni çağırışlar yaradır.

Nəşr qeyd edir ki, yaranmış vəziyyət Avropa üçün enerji mənbələrinin və marşrutlarının daha da şaxələndirilməsinin vacibliyini bir daha gündəmə gətirir. Bu kontekstdə Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.

Məqalədə Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun nümayəndəsi Kristina Lobilyo Borreronun fikirlərinə istinad olunur. O bildirib ki, Avropa İttifaqı üçün Azərbaycanla enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, 2021-ci ildən etibarən Avropa İttifaqının Azərbaycandan təbii qaz idxalı 40 faizdən çox artıb və bu artım Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

“Știripesurse” yazır ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı yalnız təbii qaz sahəsi ilə məhdudlaşdırmır. Brüssel Xəzər dənizi-Qara dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi” layihəsini də gələcəyin strateji enerji bağlantılarından biri hesab edir. Nəşrin qeyd etdiyi kimi, bərpaolunan enerji, elektrik interkonnektorları və yeni enerji infrastrukturunun yaradılması Aİ-Azərbaycan tərəfdaşlığının əsas istiqamətlərindən birinə çevrilib.

Məqalədə vurğulanır ki, Avropa Komissiyası Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi yüksək əməliyyat standartlarına, sabit tədarük imkanlarına və uzunmüddətli əməkdaşlığa sadiqliyini xüsusi qiymətləndirir. Eyni zamanda, metan emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və dayanıqlı enerji keçidinin təmin olunması da əməkdaşlığın mühüm istiqamətləri kimi göstərilir.

Nəşrin qənaətinə görə, Aİ-ABŞ enerji sazişi transatlantik əməkdaşlıq baxımından strateji əhəmiyyətini qoruyub saxlasa da, qlobal enerji bazarındakı dəyişikliklər Avropanın yalnız bir mənbədən asılı qala bilməyəcəyini göstərir. Bu baxımdan Azərbaycan və Xəzər regionu Avropa İttifaqının enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutmağa davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: