Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan NUHÇIXAN-a verilən operativ məlumata görə, iyulun 9-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb.
Bildirilib ki, mövsüm ərzində 642 min 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 251 min 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 224 min 603 hektar buğda, 418 min 93 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 min 182 ton buğda, 1 milyon 367 min 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.
Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb. Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
