Cari ildə qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon barel azalaraq gündəlik 103 milyon 460 min barelə enəcəyi proqnozlaşdırılır. Bu, COVID-19 pandemiyasının təsirlərinin ən güclü şəkildə hiss olunduğu 2020-ci ildən bəri tələbatda ilk illik azalma olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA ikinci rübdə tədarükün gözləniləndən daha güclü olması səbəbindən qlobal neft tələbatı proqnozunu əvvəlki proqnozla müqayisədə gündəlik 70 min barel artımla yenidən nəzərdən keçirib.
Hesabata görə, qlobal neft tələbatı may ayında illik müqayisədə gündəlik 5,3 milyon barel azalaraq 97 milyon 900 min barelə enib ki, bu da 2026-cı ildəki ən aşağı səviyyədir. Lakin, iyunun ortalarında ABŞ və İran arasında əldə edilən razılaşma Hörmüz boğazından neft ixracının artmasına, Asiyada tələbatın aktivləşməsi və bərpasına səbəb olub. Aşağı neft qiymətləri və yaxşılaşan iqtisadi göstəricilər də neft istehlakını dəstəkləyib.
Agentlik 2027-ci ilə üzrə tələbatda gündəlik təxminən 2 milyon barel artımla bağlı proqnozunu saxlayıb və gələn il qlobal neft tələbatının sutkada 105 milyon 470 min barelə çatacağını proqnozlaşdırıb. Bundan əlavə, 2025-2027-ci illər üzrə orta illik tələbat artımının gündəlik 480 min barel olacağı və tarixi tendensiyaların altında qalacağı gözlənilir.
