İranla münaqişənin uzanması enerji şirkətlərinin gəlirlərini artırır

A- A A+

ABŞ Prezidenti Donald Trampın İranla müvəqqəti atəşkəsin başa çatdığını bəyan etməsindən sonra Birləşmiş Ştatlar hərbi qüvvələri çərşənbə günü yeni zərbələr endirib. Buna cavab olaraq İran Küveyt və Bəhreynə hücumlar həyata keçirib. Münaqişənin yenidən kəskinləşməsi enerji bazarlarında yaranmış gərginliyin hələ uzun müddət davam edə biləcəyini göstərir.

NUHÇIXAN xəbər verir ki, Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən genişlənməsi, eyni zamanda, Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan təchizat problemləri benzin və dizel yanacağı bazarlarında qiymətlərin bu həftə kəskin artmasına səbəb olub. İnvestorlar enerji təchizatında yarana biləcək riskləri nəzərə alaraq bazarda qiymət artımını proqnozlaşdırırlar.

Proqnozlara görə, bazarda yaranmış bu vəziyyət qlobal neft şirkətləri və neft emalı müəssisələrinin gəlirlərini də əhəmiyyətli dərəcədə artıracaq. Bildirilir ki, Avropanın enerji şirkətlərinin ikinci rübdə mənfəət artımı digər bütün sektorları üstələyəcək.

ABŞ-nin neft şirkətlərinin isə 2022-ci ildən bəri ən yüksək rüblük mənfəətini açıqlayacağı gözlənilir. Proqnozlara əsasən, "Exxon Mobil" və "Chevron" şirkətlərinin mənfəəti birinci rüblə müqayisədə üç dəfədən çox artacaq.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, enerji şirkətlərinin gəlirlərinin artması ABŞ-də daxili siyasi müzakirələrə də təsir göstərə bilər. Belə ki, neft qiymətlərinin artması nəticəsində benzin və dizel yanacağının bahalaşması istehlakçıların xərclərini artırır ki, bu da inflyasiya ilə bağlı narahatlıqları gücləndirir.

Müşahidəçilər qeyd edirlər ki, Yaxın Şərqdə gərginliyin davam etməsi və enerji təchizatında qeyri-müəyyənliyin qalması halında neft və neft məhsulları bazarlarında qiymət dəyişkənliyinin yaxın dövrdə də yüksək səviyyədə qalacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: