Azərbaycan Hava Yolları ilk dəfə “Great Place to Work” beynəlxalq sertifikatına layiq görülüb

A- A A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilk dəfə beynəlxalq nüfuza malik “Great Place to Work” sertifikatına layiq görülüb.

AZAL-dan NUHÇIXAN-a bildirilib ki, sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.

Bildirilib ki, “Great Place to Work®” sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunur. Qiymətləndirmə iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsipləri üzrə beynəlxalq meyarları əhatə edir. Sorğunun nəticələrinə əsasən, iştirak edən AZAL əməkdaşlarının təxminən 80 faizi şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.

Məlumatda qeyd olunur ki, milli aviadaşıyıcı insan kapitalının inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlara əsaslanan sağlam iş mühitinin formalaşdırılması, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqini diqqət mərkəzində saxlayır.

AZAL-ın insan resursları direktoru Ellada Alışovanın sözlərinə görə, bu sertifikatın xüsusi əhəmiyyəti onun birbaşa əməkdaşların rəylərinə əsaslanmasıdır. O bildirib ki, əldə olunan nəticə şirkətdə etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verilən önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Eyni zamanda, vurğulanıb ki, gələcəkdə də əməkdaşlar üçün inkişaf imkanlarının genişləndirilməsi və müasir, inklüziv iş mühitinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

İlk dəfə əldə olunan “Great Place to Work” sertifikatı Azərbaycan Hava Yollarının insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmaqla yanaşı, şirkətin etibarlı işəgötürən kimi mövqeyini daha da gücləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: