Nazir müavini: “Mygov” platformasına yeni xidmətlərin inteqrasiyası genişləndirilir

A- A A+

“Mygov” platformasında təqdim olunan xidmətlərin və tətbiqlərin sayı artırılır, növbəti ilin sonunadək yeni rəqəmsal xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Nazir müavini bildirib ki, hazırda “e-Sosial”, “e-Tabib”, “AsanPay” və digər rəqəmsal tətbiqlər vahid platforma üzərindən təqdim olunur. Növbəti ilin sonunadək platformaya daha 7 əlavə xidmət və tətbiqlərin inteqrasiyası planlaşdırılır. Vahid rəqəmsal platforma dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və vətəndaşlara xidmətlərin daha operativ göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O deyib ki, əvvəllər doğum hadisəsinin qeydiyyatı müxtəlif mərhələlərdə və fərqli dövlət qurumlarında aparıldığı halda, hazırda proses tam rəqəmsallaşdırılıb. Belə ki, doğum haqqında məlumat Səhiyyə Nazirliyinin informasiya sistemindən avtomatik olaraq Ədliyyə Nazirliyinin sisteminə ötürülür və bütün proses vahid platforma üzərindən izlənilə bilir. Bu da xidmətlərin və sənədləşmə prosesinin başdan sona qədər rəqəmsal qaydada həyata keçirilməsinə imkan yaradır.

Rəşad Həsənov əlavə edib ki, analoji yanaşmanın biznes və dövlət arasında münasibətlərdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə “Mygov Biznes” platforması hazırlanıb və artıq bəzi dövlət qurumları ilə inteqrasiya işlərinə başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: