Birjalarda xam neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib.
NUHÇIXAN xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 84 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 79 dollardan baha satılır.
“Brent” və “Light”ın qiyməti bu həftə ərzində 12 faizdən çox bahalaşıb. “Brent” ardıcıl üçüncü həftəlik artıma, “Light” isə ikinci həftəlik artıma hazırlaşır.
Analitiklərin fikrincə, Körfəzdə ABŞ və İran arasında qarşılıqlı hücumların artması, Hörmüz boğazından neft axınının pozulması və İranın husilərdən Qırmızı dəniz yolunu bağlamalarını tələb etməsi fonunda neft qiymətləri yüksəlir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib ki, neft təchizatı təhlükəsizliyi hələ də kritik bir məsələ olaraq qalır: “Vəziyyət növbəti bir neçə həftə ərzində yaxşılaşmasa, narahat olmalıyıq və mən də narahatam”.
“Reuters”ə görə, İran hökuməti, həmçinin ABŞ-nin İranın enerji infrastrukturunu hədəf alacağı təqdirdə husilərə Qırmızı dənizdə neft daşıma marşrutunu bağlamağa hazır olmağı tapşırıb.
