"Azərbaycan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin və tərəfdaş qurumların həyata keçirdiyi layihələr nəticəsində bu ilin yanvar-iyun aylarında ölkədə beynəlxalq yük daşımalarının (BYD) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34 % artıb.
NUHÇIXAN xəbər verir ki, bunu ABADA-nın baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron "İcazə" blanklarının tətbiqinə başlanılıb: "Tezliklə Rusiya və Gürcüstan da bu sistemə qoşulacaq. Həmçinin, Türkmənistan ilə birgə "e-TIR", eləcə də Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) ilə e-CMR tətbiqi layihələri icra olunur. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Bölgəsində Avtomobil Nəqliyyatı Assosiasiyaları İttifaqı (BSEQ-URTA) və Türk Regionunda Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyaları İttifaqı (TDT-URTA) çərçivəsində əlaqələr genişləndirilib. Azərbaycanın Qazaxıstan, Monqolustan, Çin və Gürcüstan ilə Qarışıq Komissiyaların işində aktiv iştirak etmişik".
