Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

A- A A+

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova və həmin kafedranın doktorantı Kamran Xəlilovun həmmüəllifi olduqları “Comparative Analysis of Personal Data Protection Laws: The Case of Azerbaijan and the European Union’s General Data Protection Regulation (GDPR)” (“Fərdi məlumatların qorunması haqqında qanunvericiliyin müqayisəli təhlili: Azərbaycan və Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR) timsalında”) adlı elmi məqalə O.E. Kutafin adına Moskva Dövlət Hüquq Universiteti tərəfindən nəşr olunan və hüquq elmləri sahəsində nüfuzlu beynəlxalq elmi jurnallardan biri olan "Kutafin Law Review" jurnalının 2026-cı il tarixli 13-cü cildinin 2-ci nömrəsində dərc olunub. 

Məqalədə Azərbaycan Respublikasında fərdi məlumatların qorunmasını tənzimləyən qanunvericilik Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR) ilə müqayisəli hüquqi təhlil olunub. Tədqiqat nəticəsində Azərbaycan qanunvericiliyinin GDPR ilə müqayisədə mövcud hüquqi boşluqları müəyyən edilərək, məlumat subyektlərinin hüquqlarının genişləndirilməsi, məlumatların emalına dair hüquqi əsasların təkmilləşdirilməsi, məsuliyyət mexanizmlərinin gücləndirilməsi və müstəqil institusional nəzarət modelinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanıb.

Araşdırmanın nəticələri fərdi məlumatların qorunması sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi tənzimləmənin təkmilləşdirilməsi və bu istiqamətdə normayaratma və hüquqtətbiqetmə təcrübəsinin inkişafı baxımından mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Jurnal Scopus beynəlxalq elmmetrik bazasında indekslənir və hüquq elmləri üzrə SCImago Journal Rank (SJR) təsnifatında Q3, CiteScore göstəricisinə görə isə Q2 səviyyəsində qiymətləndirilir.

Məqalə ilə daha ətraflı tanış olmaq üçün: https://kulawr.msal.ru/jour/article/view/884  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: