Onillik fəaliyyətdən sonra “Windows 7” sisteminin dəstəklənməsi 2020-ci ilin yanvarın 14-dən dayandırılacaq.
NUHÇIXAN xəbər verir ki, buna səbəb isə “Microsoft”un 2009-cu il oktyabrın 22-də “Windows 7” işə salınarkən şirkətin üzərinə götürdüyü onillik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır.
İstifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar.
Bununla belə, “Windows 7” fəaliyyətini davam etdirəcək, amma istifadəçilər “Microsoft”dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompüterlər viruslara qarşı həssas olacaq. Həmçinin, “Microsoft” “Windows 7”yə texniki dəstək göstərməyəcək. Bu keçidi rahatlaşdırmaq üçün “Microsoft FastTrack”in təklif etdiyi “Desktop App Assure” xidməti aktivləşdirilir. Həmin xidmət “Windows 10” və “Office 365ProPlus” ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır. Bundan başqa, “Microsoft SQL Server 2008” və “Windows Server 2008” məhsullarını dəstəkləməyi müvafiq olaraq bu il iyulun 9-u və 2020-ci ilin yanvarın 14-dən dayandırır.
“Windows Server 2008/2008 R2” və “SQL Server 2008/2008 R2”in fəaliyyət vaxtının bitməsi müştəriləri kibertəhlükələr ilə üz-üzə qoyur. Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir. Bu dəyişiklilərlə bağlı “Microsoft” “Windows 10” üçün bələdçi rolunu oynayacaq “IoT”u təklif edir. Bu xidmət 2028-ci ilə qədər aktiv olacaq və bu illər ərzində “Windows 10”da çalışmaq üçün dəstək funksiyasını yerinə yetirəcək.
Bundan başqa, “Microsoft” tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müştərilərə SAM (Software Asset Management) xidmətini təqdim edir. Müştərilər infrastrukturun optimallaşdırılması, kibertəhlükəsizlik və “bulud” məhsuldarlığının ölçülməsi üçün bu xidmətdən istifadə edərək, proqram təminatına lazımsız xərclərin qarşısını alır, həmçinin məhsulların köhnəlmiş versiyalarından istifadə riskindən azad olurlar.
Qeyd edək ki, “Windows 10”un ödənişsiz istifadə müddəti 2016-cı ilin iyulun 29-da bitib. Bundan sonra yeni proqram təminatını yalnız ödənişli əsaslarla əldə etmək mümkün olcacaq. “Windows 10” proqram təminatının qiyməti son 10 ildə proqram təminatları üçün tələb olunan rəqəmdən kifayət qədər aşağı olacaq.
Bundan başqa, “Windows 7”dən “Windows 10”a keçid barədə ətraflı məlumat əldə etmək üçün bildirişlərdəki “Daha ətraflı” düyməsini basa, həmçinin www.microsoft.com/windows7 saytını ziyarət edə bilərsiniz. Saytın anlaşılan məzmunu şəkil və sənədlərin yeni proqram təminatına köçürülməsini asanlaşdırır. Bundan başqa, sayt vasitəsilə siz yeni qurğuların seçilməsi, həmçinin “Windows” və “Office” proqramlarının yeni versiyalarının necə çalışması haqqında dolğun məlumat əldə edə bilərsiniz. Yeni qurğuda işə başlayarkən onlayn dəstək bir toxunuşla sizə əlçatan olacaq. Həmçinin, cihazınızı haradan əldə etməyinizdən asılı olmayaraq, şirkətə məxsus istənilən mağazaya yaxınlaşıb, texniki problemi aradan qaldıra bilərsiniz.