Avropa İttifaqının (Aİ) kollektiv qərarına əsasən 2027-ci il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına tamamilə qadağa qoyulacaq ki, bu da bir sıra Avropa dövlətlərini təşvişə salıb.
NUHÇIXAN xəbər verir ki, bu gün Avropanın LNG-yə olan tələbatının 80 faizini ABŞ ödəyir. ABŞ-İran müharibəsinin nəticəsində Qətər və digər Yaxın Şərq ölkələrinin maye qaz istehsalının infrastrukturu bombalanaraq dağıdılması Avropaya qaz təchizatını tamamilə dayandırıb. Buna görə də qarşıdakı 6 aydan da az bir müddətdə Avropa dövlətləri Rusiyadan LNG idxalını artıraraq yeraltı anbarları doldurmağa çalışır. Buna görə də son aylarda Avropa Rusiyadan LNG idxalını 17 faiz, təbii qaz idxalını isə 5 faiz artırıb.
ABŞ-də Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Qlobal Enerji Siyasəti Mərkəzinin elmi əməkdaşı Ann-Sofi Korbo “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropa 2027-ci ildə qaz bazarında sabitliyin yaranacağını və Yaxın Şərqdən LNG idxalının artacağına ümid edirdi. Lakin ABŞ ilə İran arasındakı hərbi əməliyyatların yenidən və daha kəskin formada başlaması onların ümidlərini puça çıxartdı. Rusiyadan qaz idxalı dayandıqdan sonra ABŞ Avropanın enerji bazarında dominant olacaq və alternativ təchizatın yoxluğu qiymətlərin kəskin bahalaşmasına gətirib çıxaracaq.
Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen isə bildirib: “Hazırda böhran var və yaxın perspektivdə ABŞ-dən LNG idxal edərək problemi həll etmək mümkündür. Lakin uzaq perspektiv üçün isə alternativ yollar tapmaq lazımdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərindən öncə cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, sonra Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun, iyulun 1-də isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərləri Avropanın qaz təchizatı üçün alternativin axtarışında olduğunu göstərir. Hər üç səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə keçirilən görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.
İqtisadi elmləri doktoru, professor Ağarza Rüstəmov bildirib ki, “Bu gün Avropanın Azərbaycana böyük ehtiyacı var. Hazırda Azərbaycanın qaz ixracının ümumi həcmi 25 milyard kubmetrdir ki, bunun da təxminən12-13 milyard kubmetri Avropanın payına düşür. Azərbaycan 2030-cu ilə kimi ixracın həcmini 30 milyard kubmetrə kimi artıra bilər. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin genişiləndirilməsi lazımdır. Əgər Avropa sərmayə yatırıb dəhlizin ötürücülük imkanlarını və interkonektorların sayını artırsa qaz ixracı da artacaq. Azərbaycan Cənub Qaz Dəhlizinin tikintisini Avropanın sərmayəsi olmadan özü həyata keçirib və bu gün həmin dəhlizlə Avropa İttifaqının 10 üzvünə qaz ixrac olunur. Bu məsələyə Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsinə toxundu və qeyd etdi ki, dəhlizin ötürücülük imkanlarının artırılması qaz ixracının həcmi də artıracaq. İndi söz Avropanındır. Əgər Avropa özünün enerji təminatının başqa dövlətlərdən asılı olmasını istəmirsə, onda sərmayə yatırmalıdır”.
