Cari ilin birinci yarısında “Şahdəniz 2” layihəsi çərçivəsində qərb cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam edib və aprel ayında bu cinahda 5-ci quyu işə salınıb.
bp şirkətindən NUHÇIXAN-a bildirilib ki, “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər “Xankəndi” gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin birinci yarısında gəmi, həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Dərinsulu Günəşli” ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunub. Bu müddət ərzində “Tofiq İsmayılov” dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib. Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
Altı ayda Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləyib. ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib. İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam edib, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləyib, əsas texniki baxışlar isə tamamlanıb. Yüksəkgərginlikli sualtı interkonnektor enerji və fiber-optik kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı başa çatıb.
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam edib. 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
İlin birinci yarısında “Şahdəniz Alfa” platformasında SDA09, SDA07 və SDA04 quyularında əlavə perforasiya işləri tamamlanıb və SDA12 quyusunun qazma işləri başlanıb.
“İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində “İstiqlal” qazma qurğusu qərb cinahında SDD05 quyusunda tamamlama işlərini başa çatdırıb, qərb-cənub cinahında SDF02 quyusunda müdaxilə işlərini yerinə yetirib və hazırda şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini həyata keçirir. “Heydər Əliyev” qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazılmasına hazırlıq olaraq qurğuda profilaktik işlərə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.
