Muxtar respublikada iqtisadiyyatın daha da şaxələndirilməsinə geniş imkanlar yaradılıb

A- A A+

Müasir Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının yeni mərhələsi ölkə regionları arasında yaşayış səviyyəsi fərqlərinin aradan qaldırılması, şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhalinin daha çox ucqarlarda yeni iş yerləri ilə təmin olunmasına imkan verən istehsal və xidmət sahələrinin yaradılması ilə xarakterizə edilir. Regional inkişaf prioritetlərinə uyğun olaraq həyata keçirilən iqtisadi strategiya, bu mənada, Naxçıvan Muxtar Respublikasında hərtərəfli şəkildə mənim­sənilməklə, son nəticədə, blokadadan intibaha doğru aparan geniş bir yolun möhkəm zəminini formalaşdırmışdır. 

Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il martın 29-da “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Fərman bu baxımdan qarşıya qoyulmuş yeni vəzifələrin həyata keçirilməsi üçün növbəti bir addımdır. Fərman muxtar respublikanın, o cümlədən kənd yerlərinin sosial­-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının daha da yüksəldilməsi məqsədilə imzalanıb. 

Regional inkişaf proqramlarının qəbulu və onların icrası muxtar respublikamız, bütövlükdə, ölkəmiz üçün obyektiv zərurətdən irəli gəlir. Məlumdur ki, Azərbaycan neft-qaz ölkəsi kimi mühüm irimiqyaslı beynəlxalq layihələrin iştirakçısı və etibarlı partnyor kimi dünyada böyük müsbət imic qazanıb. Bununla yanaşı, Azərbaycanın neft hasilatının yalnız ölkənin paytaxtı və ətrafında cəmləşməsi istər istehsal, istər maliyyə, istərsə də insan resurslarının istifadəsində tarazsızlıq yaradır ki, bu problemin də həllində dövlət tənzimlənməsi mühüm amil kimi özünü sübut edir. İqtisadiyyatın hərtərəfli inkişafı üçün islahatların aparılması, Azərbaycanın sahib olduğu yeraltı sərvətlərin yerüstü kapitala – elmtutumlu sənaye, mütərəqqi təhsil, etibarlı səhiyyə, məhsuldar kənd təsərrüfatı, komfortlu turizm, yüksəksürətli rabitə və nəqliyyat infrastrukturu kimi sahələrə çevrilməsi üçün məhz uzunmüddətli dövrə hesablanmış proqram məzmunlu qərarların qəbulu tələb olunurdu. Təcrübə göstərdi ki, ölkəmizdə və eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qəbul olunaraq icrası uğurla yekunlaşdırılan belə pro­qramlar məhz bu vəzifələrin həllində əsas determinant olaraq öz əhəmiyyətini bir daha göstərdi və əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir tələblərə cavab verən ­rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb oldu. 

Naxçıvan Muxtar Respublikasında son on beş ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olub. Regionun sosial-iqtisadi inkişafına dair sayca üçüncü olan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli ­Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin rifahının daha da yaxşılaşmasında mühüm mərhələ olub. 

Bu proqram çərçivəsində görülən işlər, ilk növbədə, iri infrastruktur layihələrinin reallaşdırılması iqtisadiyyatın özəl sektorunun sürətli inkişafı üçün fəaliyyət meydanının tam formalaşması ilə nəticələnib. Yeni iqtisadi və idarəetmə modellərinin tətbiqi, sahələr arasında inteqral əlaqələrin yaradılması, burada iqtisadi mənafelərin qorunması, bank, maliyyə, sığorta kimi vacib sahələrdə dayanıqlılığın təmin olunması kimi mühüm məsələlər həll olunub. Nəticədə, 2004-cü illə müqayisədə muxtar respublikanın ümumi daxili məhsulunun həcmi 12, sənaye məhsulları istehsalı 38,7, kənd təsərrüfatı məhsulları istehsalı 6,1, əsas kapitala investisiya qoyuluşu 12,7, xarici ticarət dövriyyəsi isə 12,4 dəfə artıb. Son illər ərzində yeni yaradılan müəssisələrdə 73 mindən çox iş yeri açılıb, təkcə ötən beş il ərzində isə muxtar respublikada 85 elm və təhsil, 60 səhiyyə, 13 gənclər və idman, 137 mədəniyyət müəssisəsi, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 52 kənd və 54 xidmət mərkəzi tikilərək istifadəyə verilib. Bu dövrdə 3 yeni elektrik stansiyası fəaliyyətə başlayıb. Naxçıvan indi elektrik enerjisi ilə nəinki özünü təmin edir, hətta bu sahədə ixracatçı kimi də tanınır. 

Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın diversifikasiyası, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, məşğulluğun artırılması və həyat səviyyəsinin yüksəldilməsi sahəsində mühüm nəticələr əldə olunub. Təkcə iqtisadiyyatın əsas aparıcı qüvvəsi hesab edilən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üzrə görülən işlərə nəzər salsaq, Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edildiyini və 2014-2018-ci illərdə muxtar respublikada sahibkarlara 113 milyon 762 min 900 manat kredit verildiyini görərik. Həyata keçirilən yeni layihələr və yaradılan istehsal sahələri hesabına bu dövrdə muxtar respublikada 15 minə yaxın yeni iş yeri açılıb ki, bu da regional inkişafın ən əsas müsbət göstəricilərindəndir. Bundan əlavə, istehsal imkanları artan naxçıvanlı sahibkarların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə 2014-2018-ci illər ərzində ölkə daxilində və xaricdə keçirilən 131 biznes-forum, sərgi və konfransda 742 sahibkarlıq subyektinin iştirakı təmin edilib. Real sektorun inkişafına yönəlmiş və hər bir investor, iş adamı üçün kifayət qədər vergi və digər güzəştləri əhatə edən investisiyaların təşviqi mexanizminə uyğun olaraq indiyədək 5 layihə həyata keçirilib. Bu layihələrin real­laşdırılmasına 11 milyon 376 min manat sərmayə qoyulması əlavə yeni iş yerlərinin açılmasına zəmin yaradıb. 

Sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili öz bəhrəsini verməkdədir. Belə ki, dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına son beş ildə yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi məşğulluq səviyyəsinin yüksəlməsinə öz təsirini göstərmişdir.

Dövlətin özəl sektora, habelə onun aparıcı sahəsi olan sənayeyə göstərdiyi diqqətin nəticəsində təkcə 2018-ci ildə istehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil edib. 

Muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsul istehsalının stimullaşdırılması, torpaqlardan daha səmərəli istifadəyə şərait yaratmaq üçün aqrar bölmədə emal və bazar infrastrukturunun yaradılması da əvvəlki dövlət proqramının icrası dövründə diqqətdə saxlanılıb. Ərzaq məhsullarının satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə ümumi tutumu 2230 ton olan 8 müxtəlif tutumlu soyuducu anbar, 17 istixana, 43 heyvandarlıq təsərrüfatı yaradılıb, 10 heyvandarlıq və 1 istixana təsərrüfatı genişləndirilib. Təkcə heyvandarlıq təsərrüfatlarının yaradılması üçün 45 milyon 104 min 200 manat həcmində kreditlər verilib.

Son illər ərzində rayon və kənd­lərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika ilə təmin olunması üçün 2014-2018-ci illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1130 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb gətirilərək məhsul istehsalçılarına verilib. Yaradılmış şərait nəticəsində muxtar respublikada son 15 ildə taxıl istehsalı 1,2, süd istehsalı 1,3, ət istehsalı 1,9, kartof istehsalı 2,9, tərəvəz istehsalı 1,6, meyvə istehsalı 3,4, üzüm istehsalı isə 2,3 dəfə artıb. 

Muxtar respublikanın sosial-­iqtisadi həyatında mühüm rol oynamış bu dövlət proqramlarının uğurlu icrası ilə sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, regionun bütün yaşayış məntəqələrini əhatə edən yeni təhsil, səhiyyə, mədəniyyət, idman və turizm obyektlərinin, kənd və xidmət mərkəzlərinin tikintisi, habelə meliorasiya, energetika, ­yaşıllaşdırma, rabitə, nəqliyyat, yol-tikinti, içməli su təchizatı və kanalizasiya sistemləri sahələri üzrə həyata keçirilmiş yüzlərlə layihəyə də yekun vurulub. 

Bütün bu sadalananlar, eləcə də qazanılmış geniş təcrübə, maliyyə, istehsal resursları, əmək ehtiyatları muxtar respublikanın real sektorunun inkişaf potensialının əyani göstəricisidir. Bütün bunlar qarşıdakı dövrdə muxtar respublikanın əldə etdiyi nailiyyətlərin daha da artırılmasına zəmanət verir. Bu mənada, ötən dövrdə regional inkişaf sahəsində qazanılmış təcrübə növbəti, dördüncü dövlət proqramının icrası üçün də əlverişli zəmin yaradır.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: