İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

A- A A+

Hörmüz boğazından daşınan xam neft və digər neft məhsullarının həcmi münaqişədən əvvəl - 2025-ci ilin son rübündə gündəlik orta hesabla 21,6 milyon barel olduğu halda, bu göstərici cari ilin ikinci rübündə sutkada 4,9 milyon barelə düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA qeyd edib ki, Bab əl-Məndəb boğazı həm qlobal neft ticarətində vacib tranzit nöqtəsi, həm də Səudiyyə Ərəbistanının Hörmüz boğazından istifadə etmədən neft ixracını həyata keçirməsi üçün alternativ yollardan biridir. Səudiyyə Ərəbistanının Misirdəki Süveyş kanalı və Süveyş-Aralıq dənizi (SUMED) boru kəməri vasitəsilə daşımalarını yenidən istiqamətləndirmək seçimi olsa da, bu alternativlər daha uzun, bahalı və məhdud tutuma malikdir.

Hesabatda xatırladılır ki, iyun ayında ABŞ və İran arasında imzalanan sülh razılaşmasından sonra “Brent” markalı xam neftin bir barelinin qiyməti iyulun 2-də 69 dollara düşüb. Lakin, Hörmüz boğazından keçən tankerlərə hücumların yenidən başlaması və iyulun sonrakı günlərində neft daşınmalarının azalması qiymətlərin artmasına səbəb olub. “Brent” neftinin bir barelinin qiyməti iyulun 23-də 105 dollara yüksəlib.

EIA-ya görə, Səudiyyə Ərəbistanının Bab əl-Məndəb boğazından həyata keçirdiyi neft ixracına yeni blokadanın tətbiq olunması riski də neft qiymətlərinə təsir edib.

Hesabatda Hörmüz boğazında davam edən fasilələrin qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu və neft axını normal vəziyyətə qayıdana və ehtiyatlar doldurulana qədər qiymətlərin yüksək qalacağı proqnozlaşdırılır. Bildirilir ki, qlobal neft ehtiyatları bu ilin ikinci rübündə gündəlik orta hesabla 4,2 milyon barel azalıb və üçüncü rübdə isə sutkada orta hesabla 3,8 milyon barel azalacağı proqnozlaşdırılır.

Bu inkişafları nəzərə alaraq, “Brent” markalı xam neftin bir barelinin qiymətinin üçüncü rübdə orta hesabla 85 dollar olacağı gözlənilir. Bu proqnoz ötən ayın hesabatındakı proqnozla müqayisədə 11 dollar yuxarıdır. Hörmüz boğazında tanker trafikinin tədricən artması və istehsalın bərpası ilə neft qiymətlərinin dördüncü rübdə bir barel üçün orta hesabla 78 dollara düşəcəyi proqnozlaşdırılır.

Eyni zamanda, 2027-ci ilin birinci rübündə dayandırılmış istehsalın böyük hissəsinin yenidən başlaması və qlobal neft ehtiyatlarının yenidən artmağa başlaması ilə “Brent” neftinin bir barelinin qiymətinin gələn il orta hesabla 69 dollara düşməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: