Mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə 8 məsələdən ibarət gündəliyi təqdim edib.
Əvvəlcə “Texniki tənzimləmə haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə olunub. Layihə barədə məlumat verən Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev bildirib ki, bu qanun ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliyinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edəcək.
Namiq Tağıyev birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə məlumat verib.
Qanun layihəsi barədə danışan deputat Əli Məsimli layihəni yüksək qiymətləndirib, bəzi maddələr barədə qeyd və təkliflərini səsləndirib.
“Hesablama Palatası haqqında” Qanuna təklif olunan dəyişiklik “Büdcə sistemi haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər isə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi, ölkəyə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği və digər məsələləri əhatə edir.
İclasda “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərə, həmçinin “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərə ikinci oxunuşda baxılıb.
Müzakirələrdən sonra gündəlikdəki bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.