Gələcəyə yönəlmiş strateji baxışın ifadəsi

A- A A+

2026-cı il avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edən Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Müsahibədə muxtar respublikanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, enerji təminatı, nəqliyyat infrastrukturu, tarixi-mədəni irsin qorunması, kənd təsərrüfatı və Zəngəzur dəhlizi kimi strateji məsələlər geniş şəkildə nəzərdən keçirilib. Diqqətçəkən cəhətlərindən biri ondan ibarətdir ki, burada Naxçıvanın inkişafı ayrı-ayrı layihələr şəklində deyil, vahid və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi təqdim olunur. Bunu da yalnız görülmüş işlərin hesabatı deyil, həm də Naxçıvanın gələcək iqtisadi və geostrateji mövqeyinə dair konseptual baxış kimi qiymətləndirmək mümkündür.

Müsahibədə Muxtar respublikanın Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı yerləşməsi onun təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri olması və bu məqsədlə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, müasir hərbi texnika və yeni komando qüvvələri ilə təmin olunması istiqamətində işlərin davam etdirildiyi bildirilir. Bu yanaşma dövlət təhlükəsizliyinin yalnız hərbi komponentlə məhdudlaşmadığını da göstərir. Müasir dövrdə təhlükəsizlik anlayışına iqtisadi, enerji, nəqliyyat və sosial sabitlik də daxildir. Məhz buna görə müsahibədə müdafiə məsələlərindən sonra iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması kimi mövzulara xüsusi yer ayrılır. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan mühüm addımlardan biridir. Sənaye parkının fəaliyyətə başlaması yeni istehsal sahələrinin formalaşmasına, investisiyaların cəlb edilməsinə və əhalinin məşğulluğunun artırılmasına şərait yarada bilər. Bu layihənin əhəmiyyəti yalnız sənaye istehsalının artırılması ilə məhdudlaşmır. Sənaye parkı regionda iqtisadi fəallığın yüksəlməsinə və Naxçıvanın özünəməxsus iqtisadi potensialının daha səmərəli istifadəsinə xidmət edə bilər.

Müsahibənin əsas istiqamətlərindən biri də enerji məsələsi idi. Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması regionun enerji imkanlarının genişləndirilməsi baxımından mühüm hadisədir. Burada diqqət çəkən əsas məqam enerji siyasətinin yalnız daxili tələbatın ödənilməsinə yönəlməməsidir. Naxçıvanın gələcəkdə elektrik enerjisi ixrac edən regiona çevrilməsi perspektivi də qeyd olunur. Bu isə enerji siyasətinin iqtisadi siyasətlə birbaşa əlaqələndirildiyini göstərir.

Naxçıvanın günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyi də xüsusi qeyd edilərək 600 hektardan artıq ərazidə böyük həcmli günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırılması və eləcə də 50 meqavat gücündə günəş elektrik stansiyalarının layihələri və digər enerji təşəbbüsləri Naxçıvanın “yaşıl enerji” məkanına çevrilməsi perspektivinə meydan açır.

Müsahibənin ən əsas mövzularından biri Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident İlham Əliyev bu layihənin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək mühüm nəqliyyat xətti olduğunu vurğulayıb. Müsahibədə qeyd edilib ki, Azərbaycan ərazisində Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatıb, dəmir yolu istiqamətində isə işlər davam etdirilir. Bütün bunlar Zəngəzur dəhlizinin yalnız regional deyil, beynəlxalq nəqliyyat baxımından da əhəmiyyətini ortaya qoyur. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişmə nöqtələrindən birinə çevrilməsi regionun iqtisadi rolunu daha da artıra bilər. Nəqliyyat dəhlizlərinin inkişafı yeni logistika mərkəzlərinin, xidmət sahələrinin və iş yerlərinin yaranmasına da təkan verə bilər.

Prezident İlham Əliyev demişdir: “Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir”. Naxçıvan Azərbaycanın qədim dövlətçilik və memarlıq mərkəzlərindən biri kimi zəngin tarixi abidələri ilə seçilir. Bu baxımdan Möminə xatun türbəsinin bərpası və memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması xüsusi əhəmiyyət daşıyır.  Tarixi abidələrin qorunması yalnız keçmişə ehtiram məsələsi deyil, həm də milli-mədəni kimliyin gələcək nəsillərə ötürülməsi vasitəsidir. Prezidentin müsahibəsində sosial-iqtisadi inkişafla yanaşı milli kimlik, milli ruh, dil, ədəbiyyat və tarix kimi dəyərlərin də xüsusi vurğulanması bu yanaşmanın mahiyyətini göstərir. Naxçıvanın müasir inkişaf modeli yalnız yeni yolların, sənaye müəssisələrinin və enerji obyektlərinin yaradılması ilə deyil müasirliklə tarixi-mədəni irsin qorunması ilə  paralel şəkildə istiqamətlənir

DOST Mərkəzinin açılması və ASAN xidmət sisteminin fəaliyyəti dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan və müasir formada təqdim edilməsi, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin təkmilləşdirilməsi və artezian quyularının qazılması kimi layihələr isə xüsusilə kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, yolların təkmilləşdirilməsi  sosial və iqtisadi inkişafın vacib şərtlərindən biridir. Naxçıvanda təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu layihələrin 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min nəfəri əhatə etməsi onların sosial əhəmiyyətini göstərir.

Ümumilikdə, müsahibənin əsas ideyalarından biri Naxçıvanın potensialının tam şəkildə reallaşdırılmasıdır. Sənaye Parkının yaradılması, enerji istehsalının artırılması, yaşıl enerji layihələrinin genişləndirilməsi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi muxtar respublikanın iqtisadi imkanlarını genişləndirə bilər. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanın regional və beynəlxalq nəqliyyat sistemində rolunu əhəmiyyətli dərəcədə artıra bilər. Müsahibə Naxçıvanın yalnız bugünkü vəziyyətinə dair məlumat verən çıxış kimi deyil, onun gələcəkdə daha güclü iqtisadi, enerji, nəqliyyat və sosial mərkəzə çevrilməsinə yönəlmiş strateji baxışın ifadəsidir.

 

                                                                                            Həbibə Allahverdiyeva

                  Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: